Həyat Gözəldir, Sağlam Yaşamaq isə Daha Gözəldir

Görəsən, qadınlar bu düstura necə əməl edirlər? Qadın mövzusu o qədər qarışıq və çoxşaxəlidir ki, onun müzakirəsinə nədən başlamağı bilmirsən. Hər bir orqanizmin və özəlliklə, qadın orqanizminın özünəməxsus çalarları və sirləri var. Buna görə də biz bu yazıda çağdaş qadının sağlamlığı baxımından ən önəmli məsələlər üzərində dayanmağı vacib sayırıq.

Çağdaş toplumda qadınin rolu çox böyükdür. Müasir qadın ailə ocağının keşikçisi, qayğıkeş ana və ömür-gün yoldaşı olmaqla birlikdə, həm də istehsalatla, sosial problemlərlə bağlı qayğıların yükünü daşıyır. Təbii ki, bu amillərin qadının sağlamlığına bu, ya da başqa dərəcədə mənfi təsir göstərməsi labüddür. Aşağıda daha çox qarşılaşılan “qadın xəstəliklərindən” bəzilərini gözdən keçirəcəyik.

Mastopatiya (süd vəzisinin fibroz-kistoz xəstəliyi)

Süd vəzisi bir-biri ilə müəyyən qarşılıqlı nisbətdə olan vəzili və birləşdirici toxumalardan ibarətdir. Tsiklin günündən və qadının yaşından asılı olaraq toxumaların nisbəti dəyişir. Bu dəyişikliklər müvafiq yaşa uyğun və funksional normalar həddində qalmalıdır və bu normalardan hər hansı kənarlaşma patologiya sayılır.

Mastopatiya zamanı süd vəzisinin tarazlıq durumu pozulur. Bunun səbəbləri çoxdur. Onlardan biri ginekoloji statusun pozulmasıdır. Ancaq süd vəzisinin durumuna təsir göstərən başqa səbəblər də var: qalxanvari vəzi, böyrəküstü vəzilər, hipofiz vəzisi, mədəaltı vəzi, eləcə də həddən artıqyorulma, stress halları və b.

Mastopatiyanın hər hansı təzahürü xoşxassəli prosesdir, yəni qorxunc deyil. Ancaq bir sıra hallarda bədxassəli proses də başlaya bilər. Bu keçid məqamını vaxtında duymaq üçün qadın süd vəzisi xəstəliklərinin diaqnostikası ilə məşğul olan mütəxəssisəüz tutmalı və müayinə olunmalıdır. Bəzən 13-15 yaşlı yeniyetmə qızlara səhvən belə bir diaqnoz qoyulur. Bu onunla bağlıdır ki, bu yaşda döş vəzisi toxumasında təbii böyümə prosesi izlənilir və bu proses ağrı duyğusu ilə müşayiət olunur. Preklimakterik yaşda olan qadınlarda isə əksinə, üzdə mastopatiya kimi müşahidə olunan böyümə, bədxassəli törəmənin ilkin əlaməti ola bilər.

Bu baxımdan müntəzəm müayinə olunmaq çox önəmlidir. Özəlliklə, döş vəzisi nahiyyəsində hər hansi bir rahatsızlıq duyularsa, mütləq həkimə müraciət edilməlidir. Yaşı 40-a qədər olan qadınlara məsləhət görülür ki, iki ildə bir dəfədən gec olmayaraq döş xəstəliklərinin diaqnostikası üzrə mütəxəssis həkimə müraciət etsinlər. 40 yaşdan 50 yaşa qədər olan dövrdə qadınlar iki ildə bir dəfə, 50 yaşdan sonra isə hər il rentgen-mammoqrafiya müayinəsi keçməlidirlər.

Sonsuzluq

Ana olmaq hər bir qadının arzusudur. Təəssüf ki, nikahların ümumi sayında sonsuz nikahların nisbi miqdarının artması ilbəil müşahidə olunur. Bu problemin bir neçə tərkib hissəsi var. Bu gün artıq mübahisəsiz qəbul edilmişdir ki, sonsuzluğun kişilərlə və qadınlarla bağlı səbəblərinin nisbəti demək olar ki, eynidir və buna görə də ər və arvadın hər ikisi müayinə olunmalıdır.

Sonsuzluğa gətirib çıxara biləcək amilləri aradan qaldırmağa imkan verən profilaktik tədbirlər çox böyük önəm daşıyır. Sirr deyil ki, hamiləlik prosesinin süni pozulması bu günə qədər doğumun tənzimlənməsinin başlıca vasitəsi olaraq qalır. Bu məsələyə məsuliyyətlə yanaşmaq gərəkdir.

Bəzən müraciət edilən gün hamiləlik pozulur. Bu zaman tətbiq edilən cərrahi müdaxilə üçün göstərişləri təsdiq etməyə imkan verən müayinələr aparılmadan və bu müdaxiləyə əks göstərişləri (kiçik çanaqorqanlarının iltihabı və başqa xəstəlikləri, infeksiya) nəzərə alınmadan,əksər hallarda əsaslandırılmamış müdaxilə aparılarsa, bu, müxtəlif fəsadlara və təkrar cərrahi müdaxilələrə gətirib çıxara bilər. Buna görə də hamiləliyin erkən dövrdə dayandırılmasının medikamentoz, ya da cərrahi müdaxilə metodundan asılı olmayaraq, əsaslandırılması və abortdan sonrakı dövrdə orqanizmdə ginekoloji statusun bərpa müalicəsinin düzgün və tam aparılması çox önəmlidir.

O zaman kı, hamiləlikdən qorunmaq zəruriliyi yaranır, bu hallarda orqanizm üçün təhlükəsiz, müasir hormonal kontrasepsiya vasitələrinin tətbiq edilməsi məqsədə uyğundur. Bu vasitələrin tərkibindəki hormonların miqdarı minimaldozada, onların əlavə təsirləri isə minimal səviyyədə olur. Onlar xəstələrtərəfindən yaxşı qəbul edilir, hətta uzun müddət istifadə edildikdə də fəsadlara səbəb olmur. Bir sıra ginekoloji xəstəliklər zamanı isə(yumurtalıqların disfunksiyası, endometrioz və b.) həmin dərmanların müalicəvitəsiri olur.

Uşaqlıq daxili kontrasepsiya vasitələrinə gəldikdə isə, ana olmamış cavan qadınların onlardan istifadə etməsi məsləhət deyil. Uşaqlığa yad cisim daxil olması əksər müşahidələrdə xroniki iltihab prosesinə gətirib çıxarır və bu, borudaxili bitişmə prosesində əlavə amilə çevrilə bilər.

Boru-peritoneal sonsuzluğun yaranmasının başqa önəmli amili kiçik çanaq orqanlarında aparılan əsassız, özəlliklə dölün kəsilməsi metodu ilə cərrahi müdaxilələrdir. Adətən, bu metoddan təxirəsalınmaz ginekoloji xəstəlik hallarında (uşaqlıqdan kənar hamiləlik, yumurtalıq kistasının partlaması və b.) istifadə edilir.

Müayinə və müalicənin mərhələlərində ən yeni texnologiyalardan və başlıca olaraq, endoskopik texnologiyadan istifadə edilməsi bir sıra səbəblərə görə məqsədəuyğundur.Bu, ilk sırada, qadın orqanlarını qoruyan əməliyyatlar aparmağa və onunreproduktiv funksiyasını qoruyub saxlamağa imkan verir.

Artıq Çəki

Qadınların çoxu çəkilərinin artıq olmasına görə özlərində rahatsızlıq duyğuları keçirirlər. Bir sıra hallarda onlar qamətlərinin şux, xarici görkəmlərinin cəlbedici olması xatirinə öz sağlamlıqlarını qurban verməyə hazırdırlar. Təəssüf ki, çox vaxt qadın hər hansı bir üsulla çəkiyə qarşı mübarizəyə başlamazdan öncə müayinə olunmur və həkimlə məsləhətləşmir. Bu isə insan səhhətinə ciddi təsir göstərir.

Bilirik ki, arıqlamağa çalışan insan buna çatmaq dərəcəsindən asılı olmayaraq gecə-gündüz stress keçirir. Məsələ ondadır ki, bilərəkdən arıqlayan adamlar daim özünə nəzarət etməyə, yemək istəyini boğmağa, üstünlük verdiyi yeməkləri dəyişməyə, qəbul etdiyi qidanın həcmini hesablamağa məcburdurlar. Pəhriz pozulanda isə durum daha da pisləşir. Bu halda problemlərin sırasına psixoloji əzabları da əlavə olunur, çünki insan belə düşünür ki, o, bir növ artıq hərəkət etməyi özünə rəva görmüşdür. Əgər siz arıqlamaq qərarına gəlmisinizsə, özünüzü uzunmüddətli işə hazırlayın, prosesi sürətləndirməyə çalışmayın. Nəzərə alın ki, sizin artıq çəkiniz uzun illər boyu toplanmışdır və aydındır ki, çəkini azaltmaq üçün vaxt tələb ediləcəkdir.

Artıq çəki təkcə sevdiyiniz insanın xoşuna gəlməmək riski deyil, həm də, bir sira xəstəliklərə, məsələn, diabetə tutulmaq riski deməkdir. Çox vaxt köklüyün səbəbi məhz lazım olandan çox yemək və fiziki gərginliyin çatışmaması ilə bağlı olur. Buna görə də qida məhsullarının kaloriliyini, yəni onların enerji dəyərini hesablamağı öyrənmək lazımdır.

Kalorinin və deməli, enerjinin əsas mənbəyi heyvan və bitki mənşəli piylər, zülallar və karbohidratlardır (yarmalar, un məmulatı, şəkər, nişasta). Biz yüksək kalorili məhsullardan çox istifadə ediriksə və enerji məsrəflərimiz azdırsa, onda tarazlıq pozulur və çəki artmağa başlayır. Həmişə yaxşı fiziki formada olmaq üçün gün ərzində və ya həftə ərzində qəbul edilən və sərf olunan kalorilərin miqdarını ciddi hesablamaq lazımdır. Əgər arıqlamaq istəyirsinizsə, gündə 1000-1200 kalori qəbul etməlisiniz. Qida rasionunun tərkibindəki kalorinin miqdarının 1000-dən az olduğu müddət isə çox uzun olmamalıdır. Əks halda bu, sağlamlıqla bağlı problemlərə gətirib çıxara bilər.

İndi istehsalçılar məhsulların qablaşdırması üzərində 100 qram məhsulun kaloriliyini göstərirlər. Buna görə də yeyilmiş məhsulun həcmini və kaloriliyini müqayisə etmək kifayətdir. Fərz edək ki, səhər yeməyinizin menyusu 1 stəkan (200 qram) süddən və 1 bulkadan (75 qram) ibarət olmuşdur. Bu, təqribən 120+250 kalori deməkdir. Qalan kaloriləri nahar və şam yeməyi arasında bölüşdürməlisiniz.

Çoxkomponentli xörəklərin kalorilərini hesablamaq bir qədər mürəkkəbdir. Lakin əminəm ki, cəmi bir neçə gündən sonra onu da öyrənəcəksiniz. 1 qram piyin tərkibində 9 kalori, 1 qram zülalın və ya 1 qram karbohidratın tərkibində isə 4 kalori vardır. Şirniyyat, qazlı şirin içkilər, çipsilər, kolbasa məmulatı, “fast-fud”, alkoqol məhsulları ən zərərli məhsullar hesab edilir. Çünki onların tərkibində kaloridən başqa heç bir qida dəyəri yoxdur. Məhsulların kalorilik göstəricilərini xüsusi soraq kitablarından da öyrənmək olar.

Yadda saxlamaq grəkdir ki, artıq çəki həmişə şəkərli diabetin inkişaf etməsi riski deməkdir. Əslində, özəlliklə, əgər siz diabet xəstəliyindən çətinlik çəkirsinizsə, tamdəyərli, sağlam qida önəmlidir. Məhz bu cür yeməklər bir sıra problemlərin həllinə yardım edər. Ancaq təəssüf ki, müasir dövrdə insanlar məhz buna nail olmaqda çox çətinliklərlə üzləşirlər. Qidalanma ilə bağlı adətləri dəyişmək tamamilə mümkündür. Lakin bu vərdişləri tədricən dəyişmək lazımdır — bu halda sağlamlığınıza xələl gəlməyəcək.

Bu gün vitaminlərin faydası ilə bağlı məlumatı olmayan insan düşünmək çətindir. Vitaminlər immuniteti qoruyub saxlayır, mübadilə proseslərini normallaşdırır, endokrin sisteminin işinə yardım edir. Buna görə də arıqlayarkən vitamin kompleksləri qəbul etməyi unutmayın.

Düzgün qidalanmanın bu başlıca qaydaları bütün insanlara aiddir.

Varikoz Xəstəliyi

Son onilliklərdə varikoz xəstəliyi sürətlə “cavanlaşır”. Bu xəstəlik 25-30 yaşlarında, bəzən daha gənc qadınlar arasında geniş yayılmaqdadır. Varikoz xəstəliyi zamanı ilk növbələ aşağı ətrafların venoz damarların elastikliyi vətonusu itir. Bunun nəticəsində damar boyunca düyünlü genişlənmələr və qandurğunluğu əmələ gəlir. Bu tromboflebit,tromboemboliya və başqa mürəkkəb fəsadlarla nəticələnə biləcək təhlükə yaradır.Çox zaman buna səbəb uzun müddət ayaqüstə olmaq, az mütəhərrik həyat tərzi,qarındaxili təzyiqin artması, hormonal fonun dəyişməsi, damar sistemində yaşla bağlı dəyişikliklər ola bilər.

Damarların varikoz genişlənməsi çox vaxt hamiləlik dövründə yaranır. Bu dövrdə böyüməkdəolan uşaqlıq kiçik çanaq damarlarını sıxaraq qanın venalarda normal axınınıçətinləşdirir. Bundan əlavə, hündür dabanlı dar ayaqqabı ilə uzun müddətayaqüstə olmaq, bədənə kip yapışan şalvar geymək, ağır çanta gəzdirmək – bütünbunlar fəsaddoğurucu amillərdir.

Başlanğıc mərhələdə varikoz, adətən, konservativ üsullarla müalicə olunur. Kompressiya effektli xüsusi trikotajdan istifadə edilməsi təzyiqin fizioloji baxımdan düzgün paylanmasına kömək edir. Bu halda damarlarda qanın hərəkəti sürətlənir, venalarda durğunluq və şişkinlik aradan qalxır, tromblar yaranmasının qarşısı alınır, bədən toxumalarında mübadilə prosesləri bərpa olunur. Bundan əlavə, həkim məsləhəti ilə toxumalarda mikrosirkulyasiyanı yaxşılaşdıran, venaların tonusunu artıran, iltihab proseslərinin inkişafına mane olan preparatlardan istifadə etmək tövsiyə olunur. Tərkibində heparin olan məlhəm və gellərdən, yalançı şabalıd və qırmızı tənək yarpaqlarının cövhərindən istifadə etmək olar. Bu vasitələr təyin edilərkən xəstəliyin xüsusiyyətləri nəzərə alınmalıdır. Yuxarıda sadalanan tədbirlərdən xəstəliyin profilaktikası üçün istifadə edilə bilər.

Görundüyü kimi, varikoz təkcə kosmetik defekt kimi qəbul edilə bilməz. Bu, ciddi xəstəlikdir və ona qarşı mübarizə və müalicə tədbirləri aparmaq lazımdır. Ayaqları salamat saxlamaq üçün nələri yadda saxlamaq lazımdır? Varikoz xəstəliyindən əziyyət çəkənlər rütubətli binalarda yaşamaq və işləməkdən çəkinməli, alçaq dabanlı rahat ayaqqabı geyməli, ayaqları çox vaxt üfüqi vəziyyətdə saxlamalıdırlar. Pəncələriniz və baldırlarınızda şişkinlik yaranırsa, gecələr qıcolma halları baş verirsə, bu artıq xəstəliyin fəsadlaşmasının əlamətləridir. Ən başlıcası, xəstəliklə vaxtında və düzgün istiqamətdə mübarizə aparmaq lazımdır. Əgər siz çox tez yorulursunuzsa, xüsusilə, axşama yaxın pəncələriniz və baldırlarınızda ağırlıq və aşagı ətraflarda damarların azacıq da olsa genişlənməsini hiss edirsinizsə, dərhal həkimə müraciət etməli və ətraflı müayinə olunmalısınız.

Klimaks (Menopauza)

Klimakteriya qadınların həyatının çox böyük dövrünü əhatə edir. Qadın həyatının təqribən üçdə bir hissəsini klimakteriya vəziyyətində keçirir. Özü də bu, qadın həyatının ən yaxşı dövrünə düşür. Bu vaxt qadın peşəkar baxımdan formalaşmış, uşaqları artıq böyümüşdür, onlara daimi himayə göstərmək tələb olunmur, bir sıra başqa qayğılar da geridə qalmışdır. Lakin bu dövrdə baş verən klimakterik əlamətlər (tərləmə, nevroz və istilikgəlmə əlamətləri və s.) qadınlarda narahatlıq və diskomfort yaradır. Bəzi qadınlar bu dövrdə onların həyatında baş verən dəyişikliklərə – gecələr tərləmə, yuxunun pozulması, dərinin büzüşüb yığılması kimi əlamətlərə məhəl qoymur, bunları labüd təbii hal kimi qəbul edirlər. Bu hallarda həkimə müraciət etmək və bu əlamətlərin səbəbini aydınlaşdırmaq lazımdır.

Qadının son menstruasiyası yaxınlaşan mərhələdə, onun yumurtalıqlarının funksiyaları zəifləməyə başlayanda estrogen defisiti simptomları yarana bilər. Bunlar, əsasən, dərinin büzüşüb yığılması, uşaqlıq yolunun quruluğu, yuxunun pozulması, depressiyaya meyllilik, əhvalın pisləşməsi, gözlərin yaşarması, çox tez həyəcanlanmaq, çılğınlıq kimi əlamətlərdir. Bu simptomlar, hətta yüngül formada belə, qadının normal yaşamasına mane olur və təbii ki, “həyat keyfiyyəti” göstəricisi enir.

Təəssüflə vurğulamalıyıq ki, çox zaman qadın uşaq doğmaq funksiyasını yerinə yetirib qurtarandan sonra və özəlliklə bu dövrdə uzun müddət ginekoloqların nəzərindən kənarda qalır. Bu dövr ücün xarakterik başqa əlamətlərlə bağlı daha çox kardioloqa, terapevtə, uroloqa, nevroloqa, psixiatra, travmatoloqa üz tuturlar.

İndiki dövrdə müasir müalicə üsullarından və uyğun preparatlardan istifadə etməklə qadın həyatının bu dövrü ilə bağlı bir sıra xoşagəlməz hallardan yaxa qurtarmaq olar. Ginekoloq-həkim hər bir qadının orqanizminin özəlliklərini, onun səhhətinin bütün incəliklərini göz önünə almalı və məhz ona uyğun olan müalicə tədbirləri və preparatlar seçməlidir.

Klimaks dövründə estrogen defisiti ilə bağlı sümük toxumasının azalması izlənilir. Belə hallarda əvəzedici hormonal terapiya, fitohormonlar osteoblastların (sümük toxuması yaradan hüceyrələrin) sintezini bərpa etməyə yardım edir və osteoporozun səmərəli profilaktika vasitəsinə çevrilirlər. Ancaq bu cür terapiya yalnız qadın özəl müayinə keçdikdən sonra təyin edilə bilər.

Osteoporoz

Statistik məlumatlara görə, hər üç qadından biri osteoporoz xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin başlıca səbəbi başqa funksiyalardan əlavə minerallar mübadiləsinidə tənzimləyən cinsi hormonlardır.

Qadın reproduktiv yaşda olduqda estrogenlər onun sümüklərini qoruyur. Müəyyən edilmişdir ki, qadınlarda sümüklərinmineral sıxlığının azalması, əsasən, menopauza başlayandan, yəni qadın cinsihormonlarının yaranma səviyyəsi önəmli dərəcədə aşağı düşəndən sonra başlanır. Menopauzadansonrakı ilk illərdə sümük toxumasının sıxlığının maksimal (ildə 2-3 faizə qədər) azalması müşahidə olunur. Sonradan bu prosesin sürəti azalaraq ildə 1-2 faizə düşür, ancaq proses davam edir.

Vurğulamaq gərəkdir ki, hormonal dəyişikliklərtəkcə cinsi hormonlarla məhdudlaşmır. Bu dövrdə qadın orqanizminin strukturu bütünlükləyenilənir, hormonal balansda kortikosteroidlərin, sümük toxumasının durumunagörə cavabdeh olan qalxanabənzər vəzilərin hormonlarının səviyyəsi dəyişir. Gərəkli tədbirlər görülməsə, bu, əksər hallarda osteoporozla nəticələnir.

Ancaq osteoporozun inkişafında önəmli rol oynayantəkcə hormonlar deyil. Qocalma prosesləri hər bir orqanizmdə baş verir, ancaq heç də hamıda bu xəstəlikinkişaf etmir. Bu prosesə qadının orqanizmində genetik amillərin və müxtəlif xroniki xəstəliklərin olması, sosial həyat tərzi və b. təsir göstərir.

Əgər qadın özünün sağlam olmasını yəqin etmək istəyirsə, o, profilaktika məqsədilə həkimə müraciət etməlidir. Xəstəliklərin erkən mərhələdə aşkar edilməsi müalicənin səmərəli olması şansını qat-qatartırır. Müdriklərin dediyi kimi, həyat gözəldir. Odur ki, həyatın hər bir dövrünü gümrah, sağlam və məzmunlu yaşamağa çalışmaq gərəkdir.

“Həyat Gözəldir, Sağlam Yaşamaq isə Daha Gözəldir” üçün 2 açıqlama

  1. beli doktor sizle tam raziyam amma sizin kimi doktor oldugdan sonra siz menim bir nomreli doktorumsuz

  2. Faydalı mesləhətlər üçün çox sagolun Natavan xanum

Bir Açıqlama Yazın