Hamiləliyə Necə Hazırlaşmalı?

Nə Etməli?

Hamiləliyin planlaşdırılması mayalanmadan əvvəl olmalıdır. Hər iki valideyn uşağın sağlamlığına müsbət təsir göstərəcək addımlar atmalı, orqanizminin qayğısına qalmalıdır. Bu yalnız öz övladının deyil, gələcək nəslinin də qayğısına qalmaqdır. Sağlam nəslin davam etməsi üçün zəmindir, hansısa mənada sığortadır. Ümumi cümlələri konkret məsləhətlərlə bir qədər dəqiqləşdirək:

• Əvvəlcə həkim müayinəsindən keçmək lazımdır. Sağlamlığın hansı vəziyyətdədir? Hər hansısa xəstəlik varmı?
• Müxtəlif xroniki infeksiya ocaqları qaydasına salınmalıdır; kariyesli dişlər müalicə edilməli, bəzi profilaktik tədbirlər görülməli, polip, kista, şiş və s. varsa, onlar aradan qaldırılmalıdır.
• Soyuqdəymə, qrip, küləkli havadan qorunmaq, əlavə vitaminlər qəbul etmək, kütləvi yerlərdən uzaq durmaq, xəstə insanlarla sıx ünsiyyətdən qaçmaq məsləhətdir.
• Qan qrupunun və Rh faktorunun, hemoqlabin səviyyəsinin, sidiyin zülal və şəkər tərkibinin analizi, vərəm testi və s. zəruridir.
• Qadının nəsil şəcərəsində hər hansı genetik xəstəliklər olubsa (daun, metobolik qüsurlar, irsi anemiya və s.), cütlükdən birində hansısa qüsur (məsələn ürək qüsuru), ya da aralarında qohumluq əlaqəsi varsa, onlar genetikə mütləq müraciət etməlidirlər.
• Sağlam həyat tərzi olduqca vacibdir. Bura gün rejiminin qurulması və ona əməl edilməsi, normal yuxu, bol gəzinti, açıq havada çox olmaq, əqli əməklə fiziki əməyin bərabər paylanması, mənfi emosiyalardan qaçmaq, pozitiv olmaq kimi nüanslar daxildir.
• Qadın qidasına xüsusi diqqət etməlidir. Rəngarəng qida rasionu tərtib edilməli, zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral maddələr, bir sözlə, orqanizm üçün lazım olan hər şey yetərincə qəbul edilməlidir.
• Şəxsi gigiyena qaydalarına əməl etmək də vacib şərtlərdəndir. Əllər tez-tez yuyulmali, mikroplardan uzaq olmalı, təmizliyə riayət edilməlidir.
• Qəhvə və çayı azaltmaq lazımdır. Bu içkilərin çoxlu miqdarda qəbulu hamiləliyin gedişinə mənfi təsir göstərə bilər.
• Dərman preparatlarıyla diqqətli olmaq vacibdir. İstər hamiləlikdən əvvəl, istərsə də hamiləlik müddətində qəbul olunan dərmanlar mütləq şəkildə həkimlə məsləhət edildikdən sonra qəbul oluna bilər.
• Alkoqol birmənalı şəkildə OLMAZ!
• Siqaret və narkotiklər haqda isə danışmaq belə yersizdir. Çünki bu məqamda hamı doğru olanı bilir…
• Fiziki fəallıq da bütün normal insanlar kimi hamiləliyə hazırlaşan, eləcə də hamilə qadınlar üçün zəruridir.